Tovuz döyüşlərindən sonra
yüzlərlə Xocalı gənci düşmənlərə qarşı vuruşmaq üçün Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinə müraciət etdilər. Vətən
Müharibəsi ərəfəsində hərbi xidmətdə olan gənclərimiz özünü şanslı hesab edir,
döyüşlərə qatılmaq və Xocalı qisasını almaq üçün yüksək döyüş əhval-ruhiyyəsi
ilə irəli atıldılar. Ali Baş Komandanımız İlham Əliyev əks-həmlə əməliyyatları
üçün döyüş əmri verdiyi zaman əslən Xocalı rayon Kosalar kəndindən olan
Bayramov Baloğlan Mahir oğlu da hərbi xidmətinin doqquzuncu ayında idi.
Baloğlan Bayramov
oktyabrın 27-si 2001-ci ildə Hacıkənd qəsəbəsində anadan olub. Baloğlan Xocalı rayon Yaloba kənd tam
orta məktəbini IX sinfə qədər oxuyub. O, məktəblərarası idman çempionatlarında,
voleybol yarışlarında əla nəticələr göstərib. 2020-ci ilin yanvar
ayında həqiqi hərbi xidmətə yollanan baloğlan Sumqayıt şəhərində “N” saylı hərbi hissədə
xidmət edib. Vətən Müharibəsi başlanan zaman Baloğlan da döyüşlərə qatılıb. O,
Füzuli, Xocavənd, Cəbrayıl, Laçın istiqamətlərində gedən döyüşlərdə idarəetmə
tağımında baş radiotelefonçu və baş atıcı kimi xidməti vəzifəsini icra
etmişdir. Doğum günündən iki gün sonra, yəni oktyabrın 29-da Xocavənd uğrunda
döyüşlərdə yaxınlığında minaatan mərmisinin partlaması nəticəsində yaralanmışdır.
Əsgər Baloğlan Bayramov 01.11.2020-ci il tarixə kimi “Füzuli rayon Mərkəzi Xəstəxanası”
publik hüquqi şəxs”də təşkil edilmiş hospitalda aşağı ətrafların və kürəyin çox saylı qəlpə
yarasından müalicə aldıqdan sonra yenidən xidmətə qayıtmışdır. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad
olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Bayramov Baloğlan Mahir oğlu
“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cənab
Prezidentin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsindən xidmətə
çağırılmış əsgər Baloğlan Bayramov “Laçının azad olunmasına görə” medalına
layiq görülmüşdür. Baloğlan Bayramovun Şanlı Zəfər tariximizin qızıl səhiflərində adı olduğu üçün Qalib Ordunun əsgəri kimi qürurla gəzməyə haqqı var. Biz də Baloğlanla fəxr hissi keçirir, döyüşlərdə iştirakına görə ona təşəkkür edirik.